Fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında “Strandja” beynəlxalq turniri start götürəcək.
Sportarena.az xəbər verir ki, 7 gün davam edəcək ənənəvi A kateqoriyalı yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Kişi boksçuların mübarizəsində məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə yığmanın 2 üzvü çıxacaq. “Strandja”da Malik Həsənov (63,5) və Məhəmməd Abdullayev (+92 kq) gücünü yoxlayacaq.
Qadın idmançıların yarışında isə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev 6 boksçuya şans verəcək. Sofiyada ölkəmizi Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) təmsil edəcəklər.
Turnirin hakimləri sırasında isə Emil Qurbanəliyev də yer alacaq.
Bu gün səfərə yollanan komanda fevralın 27-də Bakıya qayıdacaq.
Sayca 74-cü dəfə təşkil olunacaq yarışda 42 ölkədən 470-dən çox boksçunun iştirakı gözlənilir.