BCF-in Azərbaycandakı məşqçi sertifikat proqramına yekun vuruldu

19:34 20 Fevral 2023

Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində 6-18 fevral 2023-cü ildə Bakı şəhərində yekun təlimlər və imtahanlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib.

 

Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. 68 məşqçi imtahandan uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.

 

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilib.

 

Azərbaycan Cüdo Federasiyası təşəbbüsü ilə BCF-in Akademiyası ilə əməkdaşlıq növbəti illərdə də davam etdiriləcək və cari ilin mart ayından etibarən 55 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayacaq.

 

Proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə keçirilib.


Digər xəbərlər

Xəbər xətti