“Qarabağ”ı keçmək istəyiriksə…” - "Gent"in baş məşqçisi

19:53 22 Fevral 2023

Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Növbəti raunda keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq. Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbəmiz olmadı. Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. “Qarabağ”a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa, onların qapıçısını işləməyə məcbur etməliyik.

Cavab görüşündə işimiz daha çətin olacaq. “Qarabağ” son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə hazırda bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını müqayisə etsək, bu, daha aydın görünər”.

Belçikalı məşqçi azarkeşləri stadiona gəlməyə səsləyib: “Qarabağ”ı keçsək, daha tanınmış komandalarla qarşılaşa bilərik. Qarşıda duran vəzifə çətindir, amma mümkünsüz deyil. Bu raundu adlayıb püşkatmada münasib rəqiblə düşsək, 1/4 finala da yüksələ bilərik. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox vacibdir”.

 

Xatırladaq ki, Sabah “Gelamko Arena”da keçiriləcək cavab matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. İlk oyunda “Qarabağ” 1:0 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti