Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “İnter” (İtaliya) – “Porto” (Portuqaliya) və “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) oyunlarında qeydə alınan maraqlı statistik məqamları dərc edib.
Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, həm bəzi rekordlar qeydə alınıb, həm də seriyalar davam edib.
- “Mançester Siti”nin baş məşqçisi “Leyptsiq”lə matçda əvəzetməyə ehtiyac duymayıb. “Şəhərlilər” 2018-ci ildən bəri bu turnirdə (“Mançester Yunayted” “Yuventus”la oyunda) və 2016-cı ildən etibarən yarışın pley-off mərhələsində (“Barselona” “Arsenal”la qarşılaşmada) dəyişiklik etməyən ilk komanda olub.
- “İnter” 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb. “Neradzurra” qrup mərhələsində İspaniya “Barselona”sı (1:0) və Çexiya “Viktoriya”sını (4:0) öz meydanında üstələyib. Milanlılar axırıncı dəfə Çempionlar Liqasını qazandığı 2009/2010 mövsümündə ardıcıl 4 ev qalibiyyətinə seviniblər.
- “İnter” ÇL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda axırıncı dəfə 2009-cu ildə İngiltərə təmsilçisi “Mançester Yunayted”lə bərabərə qalıb.
- “İnter”in hücumçusu Romelu Lukaku qitənin ən nüfuzlu klub turnirində 17-ci qolunu vurub. O, Dris Mertensi (16) qabaqlayaraq, ÇL tarixinin ən məhsuldar belçikalı oyunçusu ünvanını ələ keçirib. Üçüncü pillədəki Kevin De Bruynenin aktivində 12 qol var.
- “Porto”nun müdafiəçisi Pepe Çempionlar Liqasının pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçudur (39 yaş 361 gün). Bu baxımdan onu yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/2014 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/2006) bunu bacarıblar.
- “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez “Leyptsiq”lə matçda fərqlənərək, ÇL-də qol sayını 20-yə çatdırıb. Əlcəzairli oyunçu 20 qol həddinə çatan 5-ci afrikalı olub. Siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədədir.
Qeyd edək ki, “İnter” “Porto”nu 1:0 hesabı ilə məğlub edib, “Leyptsiq”lə “Mançester Siti” isə qollu (1:1) bərabərə qalıblar.