"Penaltilər seriyasında özümüzə çox güvənirdim".
Sportarena.az xəbər verir ki, bunu "Gent"in qapıçısı Deyvi Rof Belçikada "Qarabağ"a qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
29 yaşlı qolkiper bütün komanda yoldaşlarının zərbələri dəqiq yerinə yetirdiyini xatırladıb:
"Sadəcə, mən birini dəf etməli idim. Bu həftə penaltilər üzərində məşq etməmişdik. Amma oyunçular onu mükəmməl yerinə yetirdilər".
Belçikalı oyunçu ilk hissədə oyunlarının alınmadığını söyləyib:
"Çox risk etmək istəmirdik. Ancaq ikinci yarı bizim üçün daha yaxşı keçdi və sonra üstünlüyü ələ ala bildik".
Qeyd edək ki, əsas və əlavə vaxtı 1:0 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında "Gent" "Qarabağ"ı üstələyib - 5:4. Bakıdakı ilk görüşdə "köhlən atlar" rəqibini məğlub etmişdi - 1:0.