“Penalti zərbəsindən sonra hamı yanıma gələnə qədər qələbə qazandığımızı bilmirdim”.
Sportarena.az xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun futbolçusu Sedrik Van Dele UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qalib gəldikləri cavab oyunu barədə danışarkən deyib.
23 yaşlı sol cinah müdafiəçisi penaltilər seriyasında özü son zərbəni vurmaq istədiyini bildirib:
“Baş məşqçi penaltilər seriyasında məndən vurmaq istəyib-istəmədiyimi soruşdu. Hətta beşinci penalti vuran olmaq istədim. Çünki o, həlledici zərbə idi. Özümə əmin idim”.
Qarşılaşmanın 118-ci dəqiqəsində penalti yerinə yetirmək üçün meydana daxil olan Van Dele həmin vaxt həyəcanlı olduğunu söyləyib:
“Ürək döyüntülərim çox yüksək idi. Bu üzdən bir az gərginlik var idi. Amma diqqətimi tam cəmləmişdim, yalnız komandama xeyir vermək istəyirdim. Adətən penaltiləri yaxşı yerinə yetirirəm. Yenə özümü əmin edirdim”.
Qeyd edək ki, Bakıda 0:1 hesabı ilə məğlub olan “Gent” öz meydanında eyni hesabla qalib gəldiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Belçika klubu (5:3) mərhələ adlayıb.