"Bu gün çox yaxşı komandaya qarşı oynadıq" - Qurban Qurbanov

22:35 27 Fevral 2023

"Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Rəqib pik formadadır"

 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

 

51 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib:

"Qarşılaşmada sürət və dinamika var idi. Bizim üçün heç də asan deyildi. Tam öz istədiyimiz performansda deyildik. Amma hər halda, futbolçular sona qədər xarakter göstərdilər. Onları təbrik edirəm. Rəqib neçə oyundur qol buraxmırdı, inamlı gedirlər. Futbolçular özünün pik formasındadır. Vacib bir xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çalışacağıq ki, çatışmayan elementləri aradan qaldıraq. Formadan uzaq olan oyunçularımızın durumunu düzəldəcəyik".

 

Təcrübəli baş məşqçi qapıçı Luka Quqeşaşvilinin görüşdəki hərəkəti barədə danışıb:

"Ona çox əsəbiləşdim. Belə olmaz. Paltardəyimə otağında da sərt danışdım. Futbolçudur, meydanda belə hallar olur. azarkeşlər oyun ərzində qıcıqlandırırlar. Lukaya nalayiq ifadələr işlətdilər. Fanatlar da də başa düşərlər. Üzrlü hesab etsinlər. Belə hallar olur. Futbol düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Azarkeşlər də futbolun içində olanlardır. Biz onlar üçün futbol oynayırıq".

 

Qurbanov hava şəraitinin hər iki kollektivin planlarına təsir etdiyini diqqətə çatdırıb:

"Bəlkə, bəzən bəzi düşüncələr gecikirdi. Mən biz hücum edəndə baxırdım ki, kimsə əl qaldıracaq, hakim nə qərar verəcək. Sağ cinahımız ilk yarıda görünmürdü. İlk hissədə futbolçulara hansısa tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim. Amma hər ikimiz üçün eyni şərait idi".

 

Mütəxəssis fotoqraf Elmir Kərimovun klubdan uzaqlaşdırılmasına da münasibət bildirib:

"Bir məsələdən əmin olmaq üçün onu 100 faiz dəqiqləşdirmək lazımdır. Haradan başlayıb, necə olub? Mən də ilk olaraq sosial şəbəkələrdən eşitdim. İstəmərəm belə mövzu burada müzakirə olunsun. Özümüz də fikirləşməliyik ki, söhbət 50 manatdan gedirsə, klub belə addım ata bilərmi? Neçə illərdir ki, çox əziyyət çəkir, hamımız da xətrini çox istəyirik. Rəhbərliklə də yaxşı münasibəti var idi. Rəhbərliklə də işbirliyi olub, hər şey normal idi. Belə olması, birdən-birə üzə çıxması, bu qədər gündəmdə olması, bizim üçün heç də xoş deyil. Dərindən dəqiqləşdirmək lazımdır. Məsələn, mənimlə hansısa jurnalist arasında hansısa bir söz deyildisə, böyük narazılıq yaranır. Burada problem olası iş yoxdur. Bu klubda mən gəldiyim gündən hər zaman kasıblara, imkansızlara böyük yer ayrılıb. Çalışıblar ki, lazım olan dəstəyi etsinlər. Mən buna çox da ciddi məsələ kimi baxmıram. 500 min, bir milyon söhbəti olsaydı, başqa idi. Hansısa söz düz deyilməyəndə, əsəbiləşir, başqa fikir də olur. O qədər olub ki, rəhbərliklə məşqçi sıx münasibətdə, dost olur, xırda bir şeyə görə yollarını ayırıblar. O demək deyil ki, mən bu komandaya, məşqçiyə, rəhbərliyə qarşı pis olmalıyam. Xırda detalları yaxından maraqlansalar, daha yaxşı olar. Düşündüyüm və bildiyim qədərilə, klub tərəfindən problem yaradılmayıb, yaradılmayacaq. Sabah gəslin, hər bir azərbaycanlıya, əlil insanlara gözümüz üstə yerimiz var. Anlaşılmazlıq olub. Bəlkə, bəzi insanlara sərf edib, böyütməyə başlayıb. Məncə, həmişə işçilərimizə diqqətimiz olub".


Digər xəbərlər

Xəbər xətti