Azərbaycan millisinin üzvü azarkeşlərə səsləndi

16:56 1 Mart 2023

Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə federasiyanın rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, hər iki oyunun əhəmiyyətli olduğunu bildirib:

“Keçirəcəyimiz hər iki oyun bizim üçün əhəmiyyətlidir. Çünki komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələni qrup lideri kimi tamamlamaq. Bunun üçün də yaxşı şansımız var”.

 

İlk matçın Ellada təmsilçisi ilə olacağını xatırladan 36 yaşlı oyunçu bildirib ki, görüş kənardan asan dəyərləndirilsə də, meydanda hadisələr heç də proqnozlaşdırıldığı kimi cərəyan etməyəcək:

“Bunun üçün yaxşı hazırlaşmalı, oyuna konsantrasiya olmalıyıq. Düzdür, Afinada rəqibimizi 7:0 hesabı ilə yenmişik. Ancaq hər qarşılaşma fərqli olur. Rəqibimizə hörmətlə yanaşmalıyıq”.

 

Braziliya əsilli futzalçı Polşaya qarşı görüşün çox çətin keçəcəyini söyləyib:

“Onlar fiziki cəhətdən güclü, təcrübəli futzalçılardan təşkil olunmuş komandadır. Bakıdakı matçı da xatırlasaq, vəziyyət aydın olar. Hazırda turnir cədvəlinə Azərbaycan millisi başçılıq edir. Son iki matçdan sonra da hazırkı mövqeyimizdə yer almaq istəyirik. Şansımızı düzgün dəyərləndirməyə çalışacağıq”.

 

O, komandadakı atmosfer çox yaxşı olduğunu vurğulayıb:

“Demək olar, hamımız yaxşı formadayıq, öz klublarımızda daimi oynayırıq, hazırıq. Problem vaxt azlığı ilə bağlıdır. Bu müddəti də FİFA təyin edir. Biz keçirəcəyimiz 5 məşqdən maksimum istifadə etməli, baş məşqçinin taktiki tapşırıqlarını mənimsəməliyik. Əmin ola bilərsiz ki, meydana kim çıxsa, bacardığının ən yaxşısını edəcək. Yeri gəlmişkən, azarkeşlərimizə səslənirəm: martın 3-də hər birinizi Bakı İdman Sarayında gözləyirik. Dəstəyiniz bizim üçün vacibdir. İndiyə qədər bizi yalqız buraxmamısınız, bu dəfə də belə olacağına əminəm”.

 

Azərbaycan millisi martın 3-də Bakı İdman Sarayında Yunanıstanı qəbul edəcək. Oyun saat 20:00-da başlayacaq. Yığma 4 gün sonra isə Koszalin şəhərindəki idman zalında Polşa ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti