"Mən də emosional insanam, hislərim var".
Sportarena.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev "Sumqayıt"a evdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis futbolçuların çox qırmızı vərəqə almasından şikayətlənib:
"Bizim günümüz deyildi. Qapımıza çox penaltilər təyin edilir. Oyunçulara çox qırmızı vərəqə verilməsi məni narahat edir. Heç bir epizodumuzda VAR-a baxılmır. Bu da maraqlı məqamdır. İkinci yarıda oynamağa çalışdıq, qırmızı vərəqə verildi. Müdafiə olunmağa çalışdıq, penalti oldu. Kiminsə üzərinə günah atmaq fikrim yoxdur. Komanda olaraq ən zəif oyunlarımızdan birini keçirdik. Bu hadisələrə görə toparlana bilmədik".
Diniyev VAR-da böyük problemlərin olduğunu diqqətə çatdırıb:
"Bu, tək bizə aid məsələ deyil. Qol epizodları olmayan yerdə penaltilər verirlər. İndiyədək qapımıza 4 penalti təyin olunub. Əgər oyunçu tullanırsa, əli istər-istəməz qalxmalıdır. Şamaxıda qapımıza verilən penaltini də xatırlayın. Təhlükəsi olmayan epizodlar qolla nəticələnir. Bu da futbola olan marağı azaldır. Nədənsə, bizim epizodlara VAR-da baxılmır. Mən də insanam. İkili standart məni narahat edir".