“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqası haqda danışıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, vurduğu qollar və etdiyi məhsuldar ötürmələr barədə də söz açıb:
“Mənə elə gəlir ki, hazırda daha inamlı oynayıram. Qollar vururam və məhsuldar ötürmələr edirəm. Bunları böyük oyunlarda reallaşdırıram.
Düşünürəm ki, çox vacib epizodlarda qol vurmağım və ötürmələr verməyim yaxşıdır. Bu, həmişə gözəldir. Xüsusilə də, kritik qarşılaşmalarda bundan həzz alıram. Ümid edirəm ki, bu, davam edəcək”.
İngilis futbolçu cari mövsümdə Premyer Liqadakı çempionluq yarışının əyləncəli olduğunu deyib:
“Çempionluq uğrunda yarış? Məncə, bundan həzz almalıyıq. Əyləncəli, eyni zamanda çətindir. “Arsenal” yaxşı oynayır. Onlar bizim ən böyük rəqiblərimizdən biridir. Etməli olduğumuz tək şey diqqətli olmaq və bacardığımız qədər mübarizə aparmağa davam etməkdir. Əminəm ki, uğurlu nəticələr olacaq.
“Emireyts”də keçirilən görüşdə qalib gəldik. Düşünürəm ki, hamı bunu son oyun kimi qəbul edirdi. Əslində belə deyil. Qarşıda çox oyun var. Həmin matçda hər iki komanda qalib gəlmək istəyirdi. Biz bilirdik ki, qalib gəlsək, bu, hər şeyin bitdiyi mənasını verməyəcəkdi. Hazırda “Arsenal”dan beş xal geridəyik. Ümid edirəm ki, onlara çatacağıq”.
Qeyd edək ki, MS hazırda İngiltərə çempionatının turnir cədvəlində 55 xalla ikincidir.