"Bu matç bizim üçün kiçik imtahan idi".
Sportarena.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis azarkeşləri sevindirə bilmədikləri üçün təəssüfləndiklərini bildirinb:
"Bu gün rəqib bəlkə də ən yaxşı oyununu keçirdi. Hər şeyin bu qədər sürətli alınacağını gözləmirdik. Bilirdik ki, əks hücumda yaxalana bilərik. Qarşıda bu komanda ilə kubok matçımız var. Növbəti görüşlərə hazırlaşacağıq".
O, apreldə "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal oyunlarına da toxunub:
"Kubok matçları fərqli ab-havada keçir. Bu gün rəqibi daha yaxından tanımağa çalışdıq. Çünki qış fasiləsində alınan futbolçular "Neftçi"yə güc qatıblar. Kubok oyununa daha yaxşı hazırlaşmalıyıq".
Abbasov komandanın ən sərrast hücumçusu Runi Evanın start heyətində yer almamasının səbəbini də açıqlayıb:
"Belaydi Pusinin də çempionata uyğunlaşmasını istəyirik. "Sabah"a qarşı pis oynamamışdı. Bu gün də bəzi fürsətləri oldu. Əslində fərqli planlarımız var idi, rəqib imkan vermədi".