"Yaxşı oyun oldu, matça əla başladıq. Düzdür, startda daha aqressiv ola bilərdik. Şans da tərəfimizdə idi. İstədiklərimizin hamısını meydanda həyata keçirə bildik. Ona görə də futbolçularımı təbrik edirəm".
Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf evdə "Turan Tovuz"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, apreldə bu komandaya qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal matçları bu cür olmayacaq:
"Asan görüşlər olacağını düşünmürük. Hamı bilir ki, kubok qarşılaşmaları fərqli olur. Sonadək mübarizə aparacağıq. Həmin oyunlara çox var. Odur ki, hələlik çempionata köklənməliyik".
Rumıniyalı baş məşqçi bütün futbolçuları öz mövqelərində oynatmağa çalışdıqlarını söyləyib:
"Zədəli futbolçularımız yoxdur. Bu da bizə rotasiyalar etməyə imkan verir. Sezar Meza Kolli, Eddi İsrafilov kimi oyunçuların zədədən qayıtması sevindiricidir. Emin Mahmudov yenidən qol vurmağa başladı. Oyunumuzun yaxşılaşdığını görə bilərik".
O, klubla yeni müqavilə imzalamağa tələsməyən Emin Mahmudovla danışıqların davam etdiyini vurğulayıb:
"Kapitan təlim-məşq toplanışında zədələnmişdi, müalicə almalı idi. Ona görə performansında eniş oldu. Amma son zamanlar hər şey qaydasındadır və siz də əsl Emini görə bilirsiniz. Danışıqlar klubla futbolçu arasında gedir. Əminliklə deyə bilərəm ki, komandamızda qalmaq istəyir. Peşəkar futbolçudur, bu cür hallarla çox üzləşib. Bəlkə siz də rəhbərliklə maaş məsələsini danışanda belə şeylər ola bilər. Futbolda hər şey mümkündür. Ona görə də bu idman mükəmməldir. Fanatlar da bizi başa düşməli və Mahmudovun üzərinə bu qədər getməməlidirlər".
Regekampf Vato Arveladzenin mükəmməl oyunçu olduğunu vurğulayıb:
"Ona güvənirəm. Daha yaxşı futbolçu ola bilər. Nəzərə alaq ki, zədələri çox olub. Arveladzeyə vaxt vermək lazımdır".