“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 26-cı turunda “Liverpul”a məğlubiyyəti (0:7) şərh edib.
Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis azarkeşlərdən utandığını deyib:
“İkinci hissədə biz tamamilə fərqli idik. Bu oyun bizim səviyyəmiz deyil. Biz komanda kimi çıxış etmədik. Təbii ki, ikinci hissədə bu cür “Mançester Yunayted”i gördüyüm üçün əsəbiləşdim. Son həftələrdə və aylarda komandamızın qələbə əzmində olduğunu görürdüm. Plana sadiq qalmadıq, sadəcə başımızı itirdik. Futbolçular öz işlərini görmədilər. Tamamilə qeyri-peşəkar idilər.
Keçmişdə gördük ki, bu cür bəlalardan qurtula bilirik. “Brentford”dan sonra, “Mançester Siti”dən sonra. Bu gün biz böyük uğursuzluğa düçar olduq, bu yolverilməzdir. Azarkeşləri məyus etdik, buna görə çox əsəbiləşirəm və üzülürəm. Biz ciddi bir dərs aldıq. İlin ən pis oyunu oldu. Tamamilə qeyri-peşəkar oyun və dağıdıcı məğlubiyyət.
Bu gün “Enfild”ə gələn bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Onları qınaya bilmərəm ki, matç bitməmiş getdilər. Mən onların qarşısında utanıram”.