“Hesabat ili əlamətdar olub” - AFFA-nın baş katibi

12:16 7 Mart 2023

“Hesabat ili AFFA üçün əlamətdar olub. Qurum 30 ildir ki, fəaliyyət göstərir”.

 

Sportarena.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Hesabat Konfransında deyib.

 

O, ölkədə idmanın daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb: “Futbol ictimaiyyəti ötən il Prezident İlham Əliyevin qayğısını görüb”.

 

Baş katib ötən il dövlət tərəfindən ümumilikdə 30 milyon manat vəsait ayrıldığını söyləyib: “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif olunmuşdu. AFFA-nın 30 illik yubileyi ilə əlaqədar milli assosiasiyanın bir qrup əməkdaşı da təltif edildi”.

 

Hacıyev 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayının 10-a çatdığını xatırladıb: “Bu o deməkdir ki, regionlarda futbolun inkişafı davam etdirilir. Yığma komanda son beş görüşdə qələbə qazanaraq məzmunlu oyunu ilə bizi sevindirib. AVRO-2024-ün seçmə mərhələsində də qələbələrin ardının gələcəyinə ümid edirik”.

 

O, “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışının uğurlu alındığını vurğulayıb: “Qarabağ”ın nəticələrini də qeyd etmək istəyirəm. Komanda zəfər yürüşünə UEFA Çempionlar Liqasında başladı. İlk üç rəqibini mübarizədən kənarlaşdırdı. Pley-offda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə dueldə məğlub oldu və mübarizəni UEFA Avropa Liqasında davam etdirdi. Ağdam təmsilçisi Konfrans Liqasının pley-offunda çıxış etdi. Ümid edirəm ki, gələcəkdə həm “Qarabağ”, həm də digər klublar bizi sevindirəcəklər. Həmçinin, FIFA referimiz Əliyar Ağayev ilk dəfə Azərbaycanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil etdi. Onun idarəçəliyi müsbət rəy aldı”.


Digər xəbərlər

Xəbər xətti