ÇL-də darmadağını baş məşqçiyə bağışlamadılar

10:33 9 Mart 2023

UEFA Çempionlar Liqasında Portuqaliyanın “Benfika” klubuna ağır məğlubiyyət Belçikanın “Brügge” komandasının baş məşqçisi Skott Parkerə baha başa gəlib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi ingilis mütəxəssisi istefaya göndərib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Ötən ilin 31 dekabrında “Brügge” ilə müqavilə imzalamış Parker, bu komandada cəmi 67 gün fəaliyyətdə olub. O, bu müddətdə komandanı 12 matça çıxarıb ki, “Brügge” bu görüşlərdə cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.

 

“Brügge” ÇL-in 1/8 finalında qarşılaşdığı “Benfika”ya doğma meydanda 0:2 uduzumuşdusa, cavab qarşılaşmasında 1:5 hesabıyla məğlub olub. Bu komanda ölkə çempionatında da lider “Genk”dən 21 xal geri qalır – 46 xalla dördüncü pillə.


Digər xəbərlər

Xəbər xətti