“Konyaspor”da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə mətbuatına verdiyi açıqlamaları ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, Superliqa təmsilçisinin forvardı Konyanın yerli qəzeti olan “Anadoluda Bugün”ə danışıb.
Super Liqada son 9 oyunun 5-də qol sevinci yaşaya bilməyən “Konyaspor”un yeni transferi “Girəsunspor”a qarşı debüt oyununa çıxdığı üçün xoşbəxt olduğunu, lakin qalib gələ bilmədiklərinə görə üzüldüyünü bildirib:
"Yeni oyunçularla ilk matçımız idi. Qalib gəlməyi çox istəyirdik. Bu da meydanda görünürdü. Müdafiədən çox hücumda oynayırdıq. Demək ki, bu qədər mübarizə kifayət etmirmiş".
Önümüzdəki həftə Konyada lider “Qalatasaray”la qarşılaşacaqlarını xatırladan Emreli bu barədə azarkeşlərə ümid verib:
"Daha çox çalışmalı, mübarizə aparmalı və hücumda daha da yaradıcı olmalıyıq. Təbii ki, çatışmazlıqlarımız var, onların üzərində işləyəcəyik. Gec-tez qələbələr gələcək".
Müsahibədə səlis türkcə danışan Mahir bu barədə belə deyib:
"Mən onsuz da türkəm, bunu deməyə ehtiyac yoxdur. Biz də ailəlikcə türkcə danışırıq".