“Leyptsiq”in baş məşqçisi Marko Rouz UEFA Çempionlar Liqasının 1/8 finalının “Mançester Siti” ilə cavab matçından sonra (0:7) danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Premyer Liqa klubunun qələbəyə layiq olduğunu bildirib:
“Məsuliyyəti öz üzərimə götürürəm. Oyuna heç cürə qoşula bilmədik. Rəqibimiz qələbəyə çox layiq idi. Cərimə meydançası daxilində müdafiəçilərimiz çox pis çıxış etdi. Bu da Çempionlar Liqasının 1/8 finalı! “Mançester Siti” ilk oyunun ikinci hissəsindən sonra bu matç da daxil güclü pressinq edirdi. Bu, gözləmədiyimiz məqam idi”.
Rouz matçda penta-trik edən (beş qol) Erlinq Haland barədə xoş sözlər deyib:
“Halandın nə qədər yaxşı oyunçu olduğunu bilirəm. Onun güclü tərəfləri haqda da məlumatlıyam. O, hədəfə doğru irəliləyirsə, dəqiq nişan almağı bacarır. Bu gün norveçli dörd qol vurdu. Yox, yox, hətta beş!”
İki oyunun nəticəsinə əsasən, Bundesliqa təmsilçisi “şəhərlilər”ə 1:8 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.