Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli yerli media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu Türkiyəyə uyğunlaşmaqda problem yaşamadığını bildirib:
“Türkiyə yad ölkə olmadığı üçün bura uyğunlaşmaqda problem yaşamadım. Üç-dörd həftədir Türkiyədəyəm. Düzdür, gələcəyimlə bağlı danışmaq üçün hələ çox tezdir, amma buradakı istiqanlılığı hiss etdim, gözəl atmosferə düşdüm. İnsanlarla dərhal qaynayıb-qarışa bildim. Əlbəttə ki, işin futbol tərəfi daha önəmlidir. Hər şey yaxşı olarsa, burada qalmaqla bağlı mövsümün sonunda daha rahat danışa bilərik”.
Mahir özünü hansı mövqedə daha rahat hiss etməsi ilə bağlı da danışıb:
“Bəzən sağ cinahda, bəzən də hücumun mərkəzində rahat oluram. Əsas mövqeyim hücumdur. Amma baş məşqçinin məni hansı mövqedə görməsi daha vacibdir. “Girəsunspor”la oyunda sağ cinahda çıxış etmişdim. Bu, baş məşqçinin düşüncəsidir. Mənə hansı mövqedə şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Əsas odur ki, özümdən çox komandanın xeyrinə olsun”..