Avstriyanın baş məşqçisi: “Azərbaycanla oyunda qalib gələcəyimizə əminik”

20:33 15 Mart 2023

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri ilk oyundan danışıb.

 

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında Canni De Byazinin rəhbərlik etdiyi komandaya qalib gəlməyin asan olmayacağını söyləyib.

 

65 yaşlı baş məşqçi bildirib ki, turnirə uğurlu başlamaq çox vacibdir: “Azərbaycan və Estoniya çətin rəqiblərdir. Qələbə qazanmaq üçün meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Xüsusilə Azərbaycanla matç üçün satışa çıxarılmış biletlər qısa zamanda satıldı. Əhval-ruhiyyəmiz yaxşıdır və hər iki qarşılaşmada qalib gələ biləcəyimizə əminik”.

 

Xatırladaq ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Rayffayzen Arena”da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti