Ayxan Abbasov: "Bu gün uduzmaq olmazdı"

19:09 16 Mart 2023

"Hər oyun, hər xal vacibdir. Bu gün uduzmaq olmazdı".

 

Sportarena.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

 

42 yaşlı mütəxəssis ilk hissədə oyunlarının alınmadığını bildirib:

"Futbolçularda gərginlik var idi. Rəqib qol vurduqdan sonra bir neçə epizoda girdi. İlk yarının son dəqiqələrində vurduğumuz qol isə bizi özümüzə gətirdi. İkinci hissədə istədiyimiz kimi oynadıq, qol epizodlarımız da oldu. Sadəcə, son zərbələr çatmadı. Oyun planında artırmalıyıq. Fasilədən yaxşı istifadə etməyə çalışacağıq. Həm kubok, həm də çempionat qrafikimiz ağırdır. Maksuimum rotasiyalarla vəziyyətdən çıxmağa çalışacağıq".

 

Onun sözlərinə görə, belə oyunlarda heç-heçəni əvvəlcədən fikirləşmək yanlışlıq olar:

"Birinci hissənin ilk 20 dəqiqəsində oyun əsasən meydanın mərkəzində gedirdi. Əsasən ötürmələrlə səhvlərə yol verdik. Müdafiədən çıxa bilmirdik. İkinci yarıda isə aktiv oynamağa başladıq. Bunlar əvəzetmələrdən sonra oldu. Dördüncü dövrə daha sərt keçəcək. Komandalar çox risk etməyəcəklər. Çünki xallar bir-birinə yaxındır. Yuxarı sıralara qalxmaq şansımız var. Amma sabitlik çatmır. Vaxt lazımdır".

 

Mütəxəssis Xəyal Nəcəfovun meydana xəstə olduğu üçün çıxmadığını söyləyib:

"Bir anlıq onu döyüşə atmaq istədim, çünki oyun getmirdi. Amma risk etmədim. Düşündüm ki, istirahət etsin. Qızdırmadan sonra futbolçu gümrah olmur. Onun yoxluğu bizim üçün böyük itkidir".

 

Abbasovun fikrincə, son dövrəyə autsayderlə 10 xallıq fərqlə getmək böyük üstünlükdür:

"Qarşıda 2 həftəlik fasilə var. Tovuzda təlim-məşq toplanışımız və əvəzedici komandamızla yoxlama oyunumuz olacaq. Bundan sonra isə çempionatda növbəti görüşə hazırlaşacağıq".

 

O, motivasiya baxımından komandada problem olmadığını vurğulayıb:

"Əsas odur ki, qalib gələ bilməyəndə məğlub olmayasan. Futbolçular istəklidirlər".


Digər xəbərlər

Xəbər xətti