Musa Qurbanlı bir rekordu yenilədi, digərinə şərik çıxdı

14:16 18 Mart 2023

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı yeni nailiyyətə imza atıb.

 

Sportarena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu buna "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununda dubl etməklə nail olub.

 

Qurbanlı cari mövsüm vurduğu qolların sayını 20-yə çatdırıb. Gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb.

 

O, çempionatın PFL-in bayrağı altında keçirilməyə başlandığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçudur. Hücumçu 2020/2021 mövsümündə 19 dəfə fərqlənən Namik Ələskərovun göstəricisini arxada qoyub.

 

Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/2007 mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın oyunçusu Zaur Ramazanov 20 dəfə rəqib qapılarına yol tapıb.

 

Azərbaycan millisinin üzvü həm də “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/2004 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.


Digər xəbərlər

Xəbər xətti