Türkiyədə baş verən silsiləsi zəlzələlər nəticəsində vəfat edən “Hatayspor”un keçmiş futbolçusu Kristian Atsu ilə Qananın paytaxtı Akrada vida mərasimi keçirilib.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, mərasimdə futbolçunun yaxınları ilə yanaşı, Qananın prezidenti Nana Akufo-Addo, millinin baş məşqçisi Kris Huyton, yarımmüdafiəçinin keçmiş komanda yoldaşları və azarkeşlər iştirak edib. Atsu Qananın Ada şəhərində dəfn edilib.
Xatırladaq ki, futbolçunun cansız bədəni 12 gün sonra – fevralın 18-də dağıntılar altından çıxarılıb.
Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında forma geyinib. O, Qana milli komandasının heyətində 60 oyuna çıxıb və 10 qol vurub.