Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş U-23 Avropa çempionatında komanda hesabında birinci yeri tutublar.
Sportarena.az xəbər verir ki, yığma yarışı ümumilikdə 6 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.
Yunan-Roma güləşi üzrə kollektiv yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığma medalların əyarına görə Avropanın ən güclü komandası olub.
Daha sonra estafeti qəbul edən qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə edib.
Avropa çempionatının son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Toplamda 140 toplayan yığma həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub. Beləliklə, bu kollektiv ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, Azərbaycan ötən il də ümumi sıralamada U-23 Avropa çempionatının qalibi olmuşdu.