Qış fasiləsi zamanı "Qarabağ"dan Rusiyanın "Krasnodar" klubuna transfer olunan Kadi Borges Azərbaycana gəlib.
Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bakıdakı ticarət mərkəzlərinin birində görünüb. Saytımıza verilən məlumata görə, 26 yaşlı futbolçu sabiq klubunun düşərgəsini də ziyarət edib, komandanın məşqini izləyib. O, Ağdam təmsilçisinin futbolçuları və baş məşqçi Qurban Qurbanovla görüşüb.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi "Qarabağ"da çıxış edib. Futbolçu Azərbaycan klubunun heyətində meydana çıxdığı 75 matçda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.