Yunan-Roma güləşi üzrə millimiz bu il ikinci dəfə ölkə xaricində təlim-məşq toplanışı keçir.
Sportarena.az xəbər verir ki, fevralda Xorvatiyada hazırlıq edən yığmamız bu dəfə qonşu ölkəyə yollanıb.
Gürcüstanın kurort bölgəsi olan Bakurianidə yerli komandayla birgə keçirilən təlim-məşq toplanışında millinin 15 üzvü iştirak edir.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (hər ikisi 130 kq) ibarət heyət dəniz səviyyəsindən 1700 metr yüksəklikdə əsasən fiziki hazırlığı əhatə edən məşqlər keçir. Ancaq toplanış çərçivəsində taktiki-texniki çalışmalara da yer ayrılır.
2 həftəlik toplanış apreldə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.