FİFA-dan Bundesliqa klubuna transfer qadağası

09:49 30 Mart 2023

FİFA Almaniyanın “Köln” klubuna transfer qadağası qoyub.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Bundesliqa təmsilçisi qarşıdakı iki transfer pəncərəsi dönəmində heyətinə yeni oyunçular cəlb edə bilməyəcək. Buna sözügedən klubun ötən il sloveniyalı hücumçu Yaka Çuber Potoçnikin transferi zamanı qayda pozuntusuna yol verilməsi səbəb olub. İddiaya görə, kölnlülər həmin vaxt 16 yaşlı forvardı azad agent kimi transfer etmək üçün onu əvvəlki klubu ilə müqaviləni pozmağa təhrik ediblər. Onlar Sloveniyanın “Olimpiya” klubuna təzminat ödəməmək üçün belə bir yola əl atıblar.

 

FİFA buna görə həm “Köln”ü, həm də futbolçunu çox ağır cəzalandırıb. Belə ki, klub transfer qadağası ilə yanaşı, Lyublyana təmsilçisinə 54 min avro cərimə də ödəməli olacaq. Potoçnik isə 4 ay müddətinə diskvalifikasiya edilib.

 

Almaniya klubu qərardan 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verə bilər.

 

Hazırda 17 yaşı olan Potoçnik 2022-ci ilin yanvarında transfer olunduğu “Köln”ün U-19 komandasında forma geyinir.


Digər xəbərlər

Xəbər xətti