Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.
Sportarena.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan yarımfinalın ilk oyunları çərçivəsində “Murov”la MOİK, “Xarı bülbül” komandası ilə “Neftçi”qarşılaşıb.
Günün ilk matçı “Murov” və MOİK komandaları arasında olub. Görüş “Murov”un 25:20 hesablı üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası rəqibindən üstün oyun göstərərək sonrakı hissələrdə də (25:18, 25:14) qalib gəlib. Beləliklə “Murov” yarımfinalda ilk qələbəsini qazanıb – 3:0.
Günün digər qarşılaşmasında “Xarı bülbül”lə “Neftçi” üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan “Xarı bülbül” ilk iki seti 25:22 və 25:17 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Növbəti hissədə “Neftçi” 21:25 hesablı qələbə ilə ümumi hesabı azalda bilib. Lakin təşəbbüsü yenidən ələ alan Şuşa təmsilçisi 25:19 hesabı ilə qalib gələrək meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.