"Bu il çox futbolçu bizimlə qarşılaşmada debüt qolunu vurur, ilkləri bizə qarşı yaşayırlar".
Sportarena.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis belə hadisələrin oyunlarında çox baş verdiyini bildirib:
"Hər dəfə özümə söz verirəm ki, bundan danışmayacağam, amma alınmır. Səbirli olub, yolumuza davam etməliyik".
Sadıqov hərəkətli və dinamik oyun izlədiklərini söyləyib:
"Qol epizodları var idi. Hər iki komanda standart vəziyyətdən fərqləndi. Qələbəyə köklənmişdik. "Neftçi"yə qarşı yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Bu gün qalib gəlmək istəyirdik, alınmadı. Bir xal da pis nəticə deyil".