"Roma" ilə müqaviləsi 2024-cü ilin yayına kimi olan Joze Mourinyo gələcəyi haqda danışıb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya mətbuatına açıqlama verib. O, paytaxt təmsilçisində qalıb-qalmayacağı ilə bağlı konkret fikir bildirməyib:
"Dostlarım və jurnalistlərlə gələcəyim haqda danışmıram. Klub rəhbəri Berardi bir neçə ay öncə verdiyi açıqlamada burada qalacağımı deyib. Ancaq bu, onun fikridir. Müqavilə baxımından hələ 1 ilim qalır. Amma bəzən müqavilələr ən önəmli şey deyil".
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"nı çalışdırır. İtaliya klubu ötən mövsüm onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub. Komanda hazırda A Seriyasında 28 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.