Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Çarlz Aranqislə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, Çili yığmasının üzvü Bundesliqa təmsilçisi ilə bu ilin yayında bitəcək müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirib.
33 yaşlı futbolçu bundan sonrakı karyerasını Braziliyanın “İnternasional” klubunda davam etdirəcək. O, köhnə-yeni klubu ilə 2025-ci lin 30 iyununa kimi anlaşıb.
Aranqis 2015-ci ildə məhz “İnternasional”dan 13 milyon avro qarşılığında “Bayer”ə keçmişdi. O, bu komandada 214 oyuna 17 qol vurub. Təcrübəli futbolçu 2014-2015-ci illər aralığında formasını geyindiyi “İnternasional”da isə 36 oyunda 6 qola imza atıb. O, “Kobreloa”, “Kobresal”, “Kolo-Kolo”, “Kilmes”, “Udineze” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Çili yğmasında da 97 oyuna 7 qolla yadda qalıb.
Yeri gəlmişkən, bir neçə gün öncə Türkiyənin “Kayserispor” klubundan ayrılan Qustavo Kampanyaro da “İnternasional”a keçib. Azad agent statusu daşıyan futbolçu bu klubla 2024-cü ilin 31 dekabrına kimi müqavilə bağlayıb.
Kampanyaro 2020-ci ildə Braziliyanın “Şapekoense” klubundan “Kayserispor”a transfer edilmişdi. Braziliyadan olan 30 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisində 90 oyun keçirib, 1 qol vurub. O, daha öncə “Yuventude”, “Braqantino”, “Verona”, “Evian” və “Ludoqorets”də oynayıb.