Kristof Düqarri: “Dayan artıq, Mbappe, bir az da futbol oyna!”

15:21 7 Aprel 2023

Fransalı keçmiş futbolçu Kristof Düqarri PSJ-nin hücumçusu Kilian Mbappeni tənqid edib.

 

Sportarena.az RMC-yə istinadən xəbər verir ki, buna səbəb futbolçunun klubun ərsəyə gətirdiyi tanıtım videosuna reaksiyası olub.

 

Düqarri fransalı futbolçunu başa düşmədiyini və baş verən hadisələrdən bezdiyini dilə gətirib:

“Artıq baş verən hadisələrdən bezmişəm. Mbappe həm də, klubun marketinq şöbəsi üçün önəmli fiqurdur. Doğrudur, klub bu məsələ ilə bağlı ona xəbərdarlıq etməli idi. Lakin gəlin, bir məsələni düşünək: klubla olan mübahisəni sosial şəbəkəyə daşımağa dəyərmi?

Mbappenin biznesə dair məsələlərə yanaşmasının düzgün olmadığını düşünürəm. PSJ-nin etdiyi səhvlərə görə reklamı ortaya çıxardan şəxs cavabdehdir? Bütün məsələləri həmin adamın üzərinə atmaq olar? Kilianı başa düşə bilmirəm. Hər kəs eqosunu idarə etməyi bacarmalıdır.

Əsl mübarizəni, dəyər anlayışını meydanda göstərmək lazımdır. Fantastik məbləğdə maaş alırlar. Kilian dünyada baş verən hər bir şeylə maraqlanmaq istəyir. Dayan artıq, Mbappe, bir az da futbol oyna!”


Digər xəbərlər

Xəbər xətti