"Oyunun əhəmiyyətini dərk edirdik. "Zirə" bizim turnir cədvəlindəki əsas rəqibimizdir".
Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis layiqli qələbə qazandıqlarını bildirib:
"Sabah"la görüşdə son dəqiqələrdə qol buraxsaq da, həftə ərzində eniş yaşanmadı. Hər məşqdə hiss edirdik ki, futbolçular yüksək motivasiya ilə hazırlaşır. Komandadan razıyam. Məğlub olanda da meydanda istədiyimi verirdi".
O, hələ çempionat bitmədiyini, bu görüşü unutmalı və qarşıdakı matçları düşünməli olduqlarını söyləyib:
"Hələ heç bir üstünlük yoxdur. Qarşıda çox sayda oyun var. Mütləq şəkildə həmin matçlara da hazırlaşmaq lazımdır. Sırf bu görüşün eyforiyası ilə yaşamaq da olmaz. Çempionatda 4-cü olub avrokuboklara getməmək də mümkündür. Ona görə həm kubokda, həm Premyer Liqada mübarizəyə davam edəcəyik. Futbolçularıma inanıram və həmişə dəstək olacağam. Komandamız çox istəklidir".