“Monako”nun baş məşqçisi Filipp Kleman Fransa çempionatının 30-cu turunun “Nant”la oyunundan öncə danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibə hörmət etdiklərini vurğulayıb:
“Bu həftə Fransa kubokunun finalına vəsiqə qazanaraq gücünü sübut edən “Nant”a hörmət edirik. Turnir cədvəlinin üst pillələrində onların yer almaması məni təəccübləndirir. Çünki keçən mövsümdən sonra hücumçu Kolo Muaninin gedişi istisna olmaqla, heyətdə ciddi dəyişiklik olmayıb.
Onlar avrokuboklarda da mübarizə aparırdılar. Məncə, buna alışmayan komanda üçün üç gündən bir oynamaq çətindir. Elə bu səbəbdən, “Monako”da gənc futbolçularla işləyirik”.
Belçikalı mütəxəssis ilk üçlüyə düşmək üçün mübarizə apardıqlarını söyləyib:
“Ötən mövsüm hazırkı performansımızı sərgiləyə bilsəydik, turnir cədvəlində ikinci yeri tuta bilərdik. Buna baxmayaraq, oyundan-oyuna uğurlu mübarizə aparmaq vacibdir. Bizimlə qonşu pillələrdə qərarlaşan kollektivlər bütün oyunlarda qalib gəlsələr, ilk üçlüyə düşə bilməyəcəyik. Lakin onlar büdrəsə, şansımızdan istifadə etməyə çalışacağıq”.