Şahin Diniyev: “Son tura qədər vuruşmalıyıq”

21:04 8 Aprel 2023

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 29-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox gərgin oyun idi. Matç yüksək tempdə keçdi. Hər iki komandanın qarşılıqlı hücumlarını izlədik. “Sabah” yüksək səviyyəli futbol oynayan komandalardan biridir. Onların sisteminə qarşı oynamaq çox çətindir. Bu gün komandam 90 dəqiqəni yüksək səviyyədə keçirdi. Sevinirəm ki, “Sabah” kimi rəqibi udmuşuq. Arxayınlaşmaq olmaz. Bu 3 xal bizə hava və su kimi lazım idi. Bu gün hücumçusuz oynayırdıq. Futbolçular taktiki cəhətdən savadlı oynadılar. Bir oyunla hər şey bitmir. Son tura qədər vuruşmalıyıq.

Komanda saman çöpündən asılı vəziyyətdə toparlana bilirsə, bu, xarakterdir. Bu oyunun 60 faizini digər rəqiblərlə matçlarda göstərə bilsəydik, rahat qələbələr qazana bilərdik. Mənim kimi təcrübəli bir insan bu vəziyyətdə sıxılır. Futbolçular necə sıxılmasınlar? Bir qol vururuq, sonra penalti edirik. Bu gün qapımıza 10-cu penalti təyin olundu. Hər şey komandanı sıxır. Futbolçuları psixoloji təzyiqdən çıxarmaq çox çətindir. Onları başa düşürəm. Bu gün rəqib imkan vermirdi, amma biz oynayırdıq. Bəlkə də belə güclü rəqiblər lazımdır ki, irəli atılaq”.


Digər xəbərlər

Xəbər xətti