“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 29-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sumqayıta qələbə ardınca gəlmişdik. Oyunumuz pis alınmadı. Bilirdim ki, futbolçularım “Zirə” ilə matçdan fərqli olaraq, bu gün daha yaxşı reaksiya verəcəkdilər. Ötən həftə keçirdiyimiz oyuna hazırlıq zamanı bütün futbolçular bizimlə deyildi. Vaxtımız da az idi. Ancaq həftəboyu demək olar ki, bütün oyunçular sərəncamımda idi və oyuna yaxşı hazırlaşa bilmişdik. Fikrimcə, nəticə oyuna görə oldu. Oyundan-oyuna daha uğurlu nəticələr qazanmağa çalışacağıq. Biz “Turan Tovuz”la səfər oyununa yollanacağıq və matç süni örtüklü meydançada olacaq. Ondan üç gün sonra “Səbail”lə oynayacağıq, orada da süni örtüklü meydançadır. Bizim üçün çətin period olacaq. Çünki hazırda qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır”.