Tərlan Əhmədov: “Təki “Qarabağ”a uduzaq, əsas rəqiblərimizi məğlub edək”

21:18 9 Aprel 2023

“Təki “Qarabağ”a uduzaq, əsas rəqiblərimizi məğlub edək”

 

Sportarena.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları Premyer Liqanın 29-cu tur oyunundan sonra mətbuat konfransında deyib.

 

52 yaşlı mütəxəssis uğurlu çıxışın davamını gətirə bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Hansı səviyyədə komandaya qarşı oynadığımızı bilirdik. Yenə də öz oyunumuzu diktə etmək, heç olmasa, 1 xal qazanmaq istəyirdik. Komandamız, bəlkə də, “Qarabağ”ın adına görə ehtiyatlanırdı. Amma ümumilikdə səhvsiz, nizam-intizamlı çıxış etməyə çalışdıq. Penalti olmasaydı, bəlkə də, matç fərqli alınardı. Sınma nöqtəsi penalti oldu. Ondan sonra komanda ardıcıl səhvlərə yol verməyə başladı. Qarşımızda Premyer Liqada qalmaq məqsədi durur. Bu baxımdan çox ağır üç oyunumuz olacaq ki, onlar bizim əsas rəqiblərimizdir”.

 

O, penalti epizoduna qədər rəqiblə başabaş mübarizə apardıqlarını düşünür:

“Penaltiyə qədər komanda oynayırdı. “Qarabağ” kimi rəqiblə görüşdə ikinci topu buraxanda psixoloji gərginlik hiss edirsən. Düşünürəm ki, son matçlardakı sərgilənən oyunla məğlubiyyət qaçılmaz idi”.

 

Baş məşqçi hakimin penalti qərarının doğru olduğunu deyib:

“Təmiz penalti idi. Buna şübhə yoxdur. Belə görüşlərdə diqqətli olmaq lazımdır. “Qarabağ” kimi komanda rəqibi səhvə məcbur edir və belə səhvləri də bağışlamır. “Qarabağ” çempionluq yolunda hamıdan öndədir. Elə səviyyədədir ki, oyunu dəyişəcək gücə malikdir”.

 

Tərlan Əhmədov adının Azərbaycan millisi ilə birgə hallanmasına da münasibət bildirib:

“Azərbaycan millisində işləmək şərəfdir. Ağır günlərində yığmanın şərəfini qorumuşuq. Məşqçi kimi etimad göstərilsə, bunu layiqincə yerinə yetirməyə çalışacağam. Mənim adımı hallandıranlara təşəkkür edirəm. Həmişə demişəm ki, millidə yerli mütəxəssis çalışmalıdır. Söhbət tək məndən getmir. “Qarabağ”dan başqa klublarımızın səviyyəsi hələ o qədər də yüksək deyil. Avropa səviyyəli klublarımız çox olsa, o zaman adlı-sanlı məşqçi gətirmək olar”.

 

Mütəxəssis yeni müqavilə ilə bağlı danışıq aparılmadığını sözlərinə əlavə edib:

“Heç bir danışıq olmayıb. Premyer Liqada qalmağımız hələ rəsmiləşməyib. Üç vacib matçımız olacaq. Həmin görüşlərdə maksimum nəticə əldə etməliyik ki, elitada qala bilək. Nə mənimlə, nə də futbolçularla danışıq gedir”.


Digər xəbərlər

Xəbər xətti