Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Olimpiakos” və AEK komandaları arasında keçirilmiş cavab oyununu idarə edib.
Sportarena.az xəbər verir ki, qarşılaşma Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Buna baxmayaraq, ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzan “Olimpiakos” ölkə kubokunda mübarizəni dayandırıb.
Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. 36 yaşlı ədalət təmsilçisi “Olimpiakos”dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.
Azərbaycanlı hakim 27-ci dəqiqədə oyunu dayandıraraq, oruc tutan müsəlman futbolçuların iftarı açmalarına da şərait yaradıb.
Qeyd edək ki, Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək ediblər. Elçin Məsiyev isə VAR-da iş başında olub.