Səudiyyə Ərəbistanı çempionatının rəhbərliyi Kriştiano Ronaldodan (“Əl Nəsr”) sonra TOP-5 liqalardan 50 futbolçu ilə müqavilə imzalamaq istəyir.
Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, PSJ ilə müqaviləsi bu yay başa çatacaq Lionel Messi Ronaldonun ardınca Səudiyyə Ərəbistanına gedə bilər. Bununla belə, ərəblər bununla kifayətlənmək niyyətində deyil.
Liqa rəhbərliyi bu yay “böyük beşlik” ölkələrindən, eləcə də Portuqaliyadan 50-yə qədər futbolçu ilə müqavilə imzalamağı planlaşdırır. Bu planı Səudiyyə Ərəbistanının idman nazirliyi də dəstəkləyir.
Əsas hədəf hazırkı klublarla müqaviləsi yayda başa çatacaq futbolçular olacaq. Onların arasında Roberto Firmino (“Liverpul”), İlkay Gündoğan (“Mançester Siti”), Adama Traore (“Vulverhempton”), Yerri Mina və Abdulaye Dukre (hər ikisi “Everton”) var. Səudiyyə Ərəbistanındakı mənbələr ESPN-ə bildiriblər ki, Avropanın bəzi klublarının üzləşdiyi maliyyə çətinlikləri ərəblər üçün yeni transfer imkanları açıb.