Şahin Diniyev: “Hesab belə olmamalı idi”

21:12 14 Aprel 2023

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 30-cu turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:

 

“Oyun çox maraqlı keçdi. Hər iki komandaya xallar çox vacib idi. “Zirə”yə avrokuboklar yolunda, bizə isə sonuncu pillədən qurtulmaq üçün. Bizim üçün bundan sonrakı 6 matçın hamısı vacib olacaq. Birinci hissədə taktiki cəhətdən düzgün oynayaraq rəqibə şans vermədik. Bu gün “Zirə” ən yaxşı oyunlarından birini oynadı. Çox yaxşı motivasiya olmuşdular. Motivasiya bizdə də var idi. Sadəcə, buraxılan gərəksiz qoldan sonra komanda sanki “sındı”. Matçın qırılma nöqtəsi ikinci qol idi. Bundan sonra artıq 2:0 və ya 3:0-ın heç bir mənası yox idi. Buna görə də mərkəzi boşaldaraq 4 hücumçu ilə oynadıq. Qol vəziyyətimiz də oldu. Oyuna yenidən qayıda bilmədik. Yolumuza davam edirik. Komandanın bugünkü oyunundan razıyam. Hesab belə olmamalı idi. Kim ilk qolu vursaydı, o da qələbə qazanacaqdı. Hələ qarşıda iki kubok, altı çempionat matçı var. Hər qarşılaşmaya axırıncı oyun kimi çıxacağıq.

 

17 gündə 5 oyun keçirdik. Ağır qrafikdir. Rəqiblərimizin hamısı oturuşmuş komandalardır. Üç gündən bir oynamaq çox çətindir. Nəinki bizim üçün, digər klublar üçün də ağırdır. Rotasiyalar etmək üçün heyətimiz var. Dəyişikliklər olacaq. Bir heyətlə 17 gündə 5 oyun keçirmək çox çətindir. Oyunları lazımlı və lazımsız kimi bölməyəcəyik. Futbol belə şeyləri bağışlamır. Həm kubokda, həm də çempionatda oynayacağıq. Həm matça qələbə, xal üçün çıxmaq lazımdır.

 

Futbol xəyanəti sevmir. Oynamaq lazımdır. Mən heç vaxt futbola xəyanət etmərəm. Kuboka ciddi yanaşmayıb bütün gücü çempionatına qoysaq, onda da alınmayacaq. Hər oyuna maksimum üçün çıxmaq lazımdır. Mənə desələr ki, kuboku verib, çempionatda qalacaqsız, belə olan halda bəlkə də… Lazımsız oyun yoxdur. Hər iki cəbhədə vuruşacağıq. Yanlış anlaşılmasın sözlərim. Hər hansı anlaşmadan söhbət getmir. Sadəcə, Allah tərəfindən belə şans verilsə, əlbəttə çempionatı seçərəm”.


Digər xəbərlər

Xəbər xətti