PSJ-nin baş məşqçisi Kristof Qaltye irqçi ifadələr işlətməsi haqda iddialara münasibət bildirib.
Sportarena.az xəbər verir ki, mütəxəssis özünün və ailəsinin adına ləkə gətirməyə çalışan hər kəsi məhkəməyə verəcəyini bildirib:
“Bir çoxları kimi, belə məsuliyyətsiz şəkildə deyilən sözlər məni də çox sarsıtdı. Mən mənşəyindən, rəngindən və dinindən asılı olmayaraq, digər insanlara hörmət etmək dəyərlərinə malik olmuşam. Bir kişi, futbolçu və məşqçi kimi bütün həyatım ətrafımdakıların rifahını düşünən bir şəkildə yaşamaq qayğısı ilə müşayiət olundu. Mən adımın və ailəmin bu şəkildə ləkələnməsinə icazə verə bilmərəm. Buna görə də şərəfimə xələl gətirən hər kəsi məhkəməyə vermək qərarına gəldim".
Qeyd edək ki, daha əvvəl mütəxəssisin "Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söylədiyi iddia olunub. Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Hazırda Kristof və ailəsi mühafizə altındadır. PSJ məsələ ilə bağlı araşdırma aparır.