Almaniyanın “Bavariya” komandasının hücumçusu Sadio Mane İngiltərə “Liverpul”una qayıtmaq istəyir.
Sportarena.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Bildirilib ki, seneqallı hücumçu dostlarına “Liverpul”dan ötrü darıxdığını və Premyer Liqaya qayıtmağı dilədiyini söyləyib.
Qeyd edək ki, daha öncə jurnalist Florian Plettenberq “Bavariya”nın yayda Sadio Mane ilə yolları ayırması üçün əlindən gələni edəcəyini bildirib. Belə ki, baş məşqçi Tomas Tuxelin “qırmızılar”ın sabiq futbolçusu ilə bağlı planları yoxdur və forvard onun oyun sisteminə uyğun deyil.
Xatırladaq ki, Mane daha əvvəl Çempionlar Liqasında “Mançester Siti” ilə matçda (0:3) uduzduqdan sonra komanda yoldaşı Leroy Zane ilə münaqişə yaşamışdı. Buna görə klub seneqallını 1 oyunluq cəzalandırıb və 500 min avro cərimələyib.
Mane bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
31 yaşlı futbolçunun karyerasının ən parlaq illəri “Bavariya”ya transfer olduğu “Liverpul”da keçib. “Qırmızılar” aparıcı oyunçularından olan Mane 265 oyuna 118 dəfə fərqlənə bilib. Bundan başqa, onun “Liverpul”un 30 il aradan sonra Premyer Liqa çempionu, eyni zamanda Çempionlar Liqasının qalibi olmasında böyük töhfəsi olub.