Futzal üzrə DÇ-2024-ün əsas mərhələsinin pley-off oyunları başa çatıb.
Sportarena.az xəbər verir ki, iki oyunun yekununda qələbə qazanan Belçika, Almaniya, Çexiya və Niderland daha əvvəl vəsiqəni təmin etmiş Azərbaycan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ermənistan və Ukraynaya qoşulub.
Elit-raundda ümumilikdə 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupda mübarizə aparacaq. Bu mərhələnin püşkü iyulun 8-də atılacaq, oyunları isə cari ilin dekabrın 20-dək yekunlaşacaq.
Reqlamentə əsasən, qrup liderləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə sahib 4 “ikinci” pley-offda iştirak edəcək. Ev və səfər prinsipi ilə keçiriləcək iki matçın ümumi nəticəsində qalib olan komandalar həlledici mərhələyə yüksələcək. Mundial Avropa qitəsində yer alan ölkələrdən birində keçirilərsə, o zaman pley-offa 4 yox, ən yaxşı 2 “ikinci” vəsiqə qazanacaq.
Azərbaycan millisi dünya çempionatının final mərhələsində 2016-cı ildə debüt edib. Kolumbiada keçirilən yarışda milli komanda mundialı 5-ci pillədə başa vurub.