Avropa çempionu: "Hər kəs məndən qızıl medal gözləyirdi"

17:23 21 Aprel 2023

"Hər kəs məndən qızıl medal gözləyirdi. Şükürlər olsun ki, etimadı doğrulda bildim".

 

Sportarena.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

 

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa çox yaxşı hazırlaşdıqlarını bildirib:

"Keçən il Avropa çempionatında gümüş medal qazanmışdım. Bu dəfə onu qızıla çevirdim. Özümə çox güvənirdim".

 

O, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib:

"Komandamız ardıcıl 2-ci dəfə qitənin ən güclüsü oldu".

 

Rzazadə italiyalı Simeone Piroddu ilə yarımfinal görüşündə hesabda geri düşməsinin səbəbini də açıqlayıb:

"Tuş"la qalib gəlmək istəyirdim. Amma vəziyyətə nəzarəti itirdim. Sonradan məşqçilərin səyi ilə özümü toparladım. Lazım olan xalları aldıqdan sonra daha çox müdafiəyə fikir verdim. Nəticədə qələbə qazandım".

 

Finalda türkiyəli Süleyman Atlıya asanlıqla qalib gələn Rzazadə Avropa çempionatından öncə rəqibi yaxşı analiz etdiyini vurğulayıb:

"Onun zəif və üstün tərəflərini bilirdim. Düzgün taktika ilə Atlını məğlub etdim".


Digər xəbərlər

Xəbər xətti