"İlk növbədə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Maraqlı və həyəcanlı görüşün şahidi olduq. Bir tərəfdən, heç-heçəyə görə sevinirik, digər tərəfdən isə 3-cü qolu vura bilmədiyimiz üçün üzülürük".
Sportarena.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Azersun Arena"da "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur oyunundan sonra mətbuat konransında deyib.
41 yaşlı mütəxəssis matçın sonlarında iki real qol vəziyyətini dəyərləndirə bilmədiklərini söyləyib:
"Futbolçularıma meydanda etdiklərinə görə minnətdaram. Bu cür geridönüş etmək üçün böyük ürək lazımdır. Bu amil bizi sevindirir".
O bildirib ki, bəzi epizodlarda soyuqqanlı olmaq lazım idi:
"Amma belə matçlarda bunu etmək asan deyil. Bəlkə bir az daha şanslı olsaydıq, qol vurardıq. Hesab edirəm ki, nəticə kifayət qədər ədalətlidir. Rəqib üçüncü qolu vursaydı, böyük hesabla məğlub ola bilərdik".
Sadıqov "Qarabağ"la oyunlarda futbolçularına ötən il bu rəqibə 1:7 hesabı ilə uduzduqları matçı xatırlatdığını vurğulayıb:
"Təslim olanda bunu futbolçularımın yadına salıram. Hazırkı nəticədən isə razıyam".