"İkinci qolu vurduqdan sonra konsentrasiyanı itirdik".
Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis matçın maraqlı və dramatik alındığını bildirib:
"Azarkeşlər bu cür görüşləri sevirlər. Qələbə qazanmaq istəyirdik. Yaxşı hazırlaşmışdıq, amma "Zirə" sonadək inamlı mübarizə apardı. Hər iki komanda bir xala layiq idi".
O, qarşılaşma ərzində oyunçu dəyişikliyindən istifadə etməməsinin səbəbini də açıqlayıb:
"Oyun ümumilikdə yaxşı keçdi. Baxımlı hücumlar qurduq, topa nəzarət etdik. Bəzi futbolçular uzun müddətdir oynamırlar. Bu səbəbdən onları riskə atmamaq qərarına gəldim. Ritmi itirə bilərdilər. Hər matçda rotasiya edirik, amma bəzən oyunçunu 90 dəqiqə meydanda saxlamaq lazımdır".
Qurbanovun sözlərinə görə, ardıcıl ikinci oyunda qalib gələ bilməmələrinin xüsusi səbəbi yoxdur:
"Bəzən komandada səhvlər olur. Rəqiblərimiz bizimlə matçlara ciddi yanaşırlar. Ümumiyyətlə, oyunumuzdan, yanaşmamızdan razı qaldım. Bu ruhda davam etsək, qələbələr də olacaq".
Təcrübəli baş məşqçi İtaliyanın "Torino" klubunun oğlu Musa Qurbanlı ilə maraqlanması barədə mətbuatda yayılan xəbərlərə də toxunub:
"Belə bir təklif yoxdur. Olsa, sizə də xəbər verəcəyik".