PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya mümkün qayıdışından öncə Neqreyra işini izləyir.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı argentinalı növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış etmək istəyir. Bu səbəbdən, “Barsa”nın həmin turnirdə iştirakı onun üçün önəmlidir.
Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta və UEFA-nın rəhbəri Aleksander Çeferin La Liqa klubunun heç bir cəza almayacağına ümid edir, lakin bu, hələlik dəqiq deyil.
Xatırladaq ki, “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Neqreyraya məxsus “DASNIL 95″ə 1,4 milyon avro ödədiyi bildirilir.
Daha əvvəl UEFA “Barselona”nın Neqreyraya ödənişlərlə bağlı korrupsiya qalmaqalı üzrə araşdırmaya başladığını elan etmişdi. İspaniya La Liqasının rəhbərliyinin Kataloniya klubu ilə bağlı FİFA-ya şikayət edə biləcəyi də bildirilirdi.
Son dünya çempionu karyerasını Səudiyyə Ərəbistanı çempionatında, MLS-də yox, məhz Avropada davam etdirmək variantına üstünlük verir.
“Barselona” Messini heyətdə görmək istədiyini açıq şəkildə bildirsə də, hələlik ona təklif göndərməyib.