“Lex” rəsmisi: “Qarabağ”dan 5 qol buraxmaq ağır idi”

17:26 25 Aprel 2023

"Lex"in (Polşa) vitse-prezidenti Piotr Rutkovski bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:0, 1:5) xatırlayıb.

 

Sportarena.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinə uduzaraq, mərhələ adlaya bilməməyin çox ağır olduğunu deyib:

“Hər şey Poznanda başladı. Çempionlar Liqasının təsnifat mərhələsinin startında “Qarabağ”a qalib gələrək (1:0) Azərbaycana böyük ümidlərlə yollandıq. Ancaq fəlakət baş verdi və 5 qol buraxdıq. Bu, ağrıdır. "Qarabağ"la oyunlardan əvvəl onları keçməyin çox çətin olacağını başa düşürdük. Axı, "Qarabağ" Çempionlar Liqasının bu mərhələsində bizi vura biləcək ən güclü komanda idi. Yalnız intizamlı və ağıllı oyun sayəsində “Qarabağ”ı Poznanda məğlub edə bildik. Təəssüf ki, Bakıda bunu təkrarlaya bilmədik. Niyə? Çünki zədəli futbolçularımız var idi və komandada baş məşqçi dəyişikliyi olmuşdu. Bəxtimiz gətirmədi. “Qarabağ”ın sonrakı oyunlarından xəbəriniz var. O, İsveçrə və Macarıstan çempionlarını nokaut etdi. Ancaq pley-off mərhələsində "Qarabağ"ı Çexiya "Viktoriya"sı dayandırdı. Bizimlə matçlarda "Qarabağ" daha güclü tərəf oldu və biz itirdik. Nəticədə Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansını və böyük pul qazanmaq imkanını əldən verdik. Ancaq ən çox bir şey incidir: Mən 2015-ci ildən -  8 ildir ki, bu turnirdə iştirak etməyi gözləyirəm. Lakin mən heç nədən həzz almadan hər şey başa çatdı”.

 

Qeyd edək ki, "Lex" ÇL-in 1-ci təsnifat mərhələsində evdə Ağdam təmsilçisinə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 1:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda Konfrans Liqasının 1/4 finalında "Fiorentina" səddini keçə bilməyib və çıxışını başa vurub.


Digər xəbərlər

Xəbər xətti