Ayxan Abbasov: " Üzgün olsaq da, qarşıda çempionat oyunu gözləyir"

22:31 26 Aprel 2023

"Evdəki qələbənin “Neftçi”ni daha aqressiv edəcəyini bilirdik".

 

Sportarena.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

 

Tovuzdakı ilk matçda 1:0 hesablı qələbə qazanan bölgə təmsilçisi “Bakcell Arena”dakı qarşılaşmanın son dəqiqələrində iki top buraxaraq, mübarizəni dayandırıb.

 

42 yaşlı mütəxəssis qarşılaşmanın ardından məyus olduqlarını söyləyib:

“Bu gün rəqibin təzyiqini hiss etdik. Oyunun sonlarında yorğunluq sözünü deyirdi. “Neftçi” cərimə zərbəsindən qol vuraraq, psixoloji üstünlük əldə etdi. Bu gün qismət olmadı. Futbolçularıma, azarkeşlərə təşəkkür edirəm. Azərbaycan futbolunda belə ab-hava üçün darıxmışdıq. Güclənmək, inkişaf üçün vaxt lazımdır. Üzgün olsaq da, qarşıda çempionat oyunu gözləyir. Kuboka kökləndiyimiz üçün stabilliyi itirmişdik. Premyer Liqada qalıb, gələn il daha yaxşı olmaq istəyirik”.

 

O, müdafiə futbolu sərgiləmələrini evdəki üstünlüyü qorumaq istəyi ilə əlaqələndirib:

“Bunu “Neftçi” məcbur etdi. Qapının toxunulmaz saxlanılması üçün bu kimi hallar normaldır. Hücum oyunçuları da istər-istəməz müdafiəyə kömək etmək istəyirdilər. “Neftçi” ilə “Turan Tovuz”u müqayisə edirsinizsə, mənim üçün çətindir. Çempionatdakı 0:4 hesabında açıq futbol oynamışdıq. Rəqibin də üstünlüyünü gördük. Meydançanın hər yerində kompakt olmağa çalışdıq. Bu, rəqibdən və bizim heyətdəki oyunçulardan asılıdır. “Neftçi” ilə “Turan Tovuz”u müqayisə etmək üçün tələsirik”.

 

Abbasov bu heyətin maksimum gücünün indiki olmadığını söyləyib:

“Hər bir komandanın enişi-yüksəlişi olur. Bu mövsüm məqsədimiz elitada qalmaqdır. Heyətin güclənməsi üzərində də işləyəcəyik. Gələn mövsüm daha iddialı olacağıq demək çətindir. Amma bundan yaxşı olmağa çalışacağıq”.

 

Baş məşqçi son turlarda onları çətin oyunların gözlədiyini əlavə edib:

“Biz də təqvimə baxırıq, hesablayırıq. Hər şey ola bilər. 1-2 tur sonra da məsələni həll edə bilərik. Çempionat mübarizəli gedir. Kubok bitdi, indi gücü çempionata qoyacağıq. Yarımfinalda “Neftçi” ilə qarşılaşmaq özü də inkişafdır. Hər şeyə hazır olmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti