Elmar Baxşıyev: "Layiqli qələbə ilə finala adladıq"

23:09 27 Aprel 2023

"Düşünürəm ki, layiqli qələbə ilə finala adladıq".

 

Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis sıx qrafikdə oynadıqlarını bildirib:

"Təbii otdan süni örtüklü meydançaya keçmək bizim kimi komandalar üçün ağırdır. Amma bu gün sonadək oyundan qopmadıq. Elə vəziyyətdəyik ki, finala çıxmağımızı qeyd etməyə də vaxt yoxdur. Hazırda bizi "Səbail"lə qarşıdakı çempionat oyunu düşündürür. Fikrimizi bu matça yönəldəcəyik. Qısa müddətdə 3-cü dəfə eyni rəqiblə qarşılaşmaq yorucu deyil. Komandalar artıq bir-birilərini əzbərləyiblər. Ağır oyun olacaq. Nəticə üçün əzmkarlıq göstərmək lazımdır".

 

Feras Abu Akalın oyun zamanı aqressiv davranışları barədə də danışan Baxşıyev onun emosional futbolçu olduğunu söyləyib:

"Yarımfinal matçında bu cür halları ormal qarşılamaq lazımdır. Futbolçular tam olaraq oyuna köklənmişdilər".

 

O, "Ardıcıl beş oyundur, qələbə qazanırsınız. Futbolçuların arxayınlaşmasından qorxmursunuz" sualına qısa cavab verib:

"Məşqçi qorxursa, işləməməlidir".

 

Təcrübəli mütəxəssis finala gedən yolda mübarizədən kənarlaşdırdıqları ən çətin rəqibin "Qarabağ" olduğunu əlavə edib: "

Bu cür kollektivi keçmək güc tələb edir. Rəqibləri seçməzdim, bütün oyunlar ağır oldu. "Səbail"lə Qəbələdəki matçda geridönüş etmişdik. Futbolçularımı təbrik edirəm, böyük ruha sahibdirlər. Qarşıdakı hər oyun finala bərabər".

 

Baxşıyev finalda üz-üzə gələcəkləri "Neftçi"ni "flaqman" adlandırıb: "

Onlar da iddialıdırlar. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, layiqli mübarizə aparaq və hədəfə çataq".


Digər xəbərlər

Xəbər xətti