“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 32-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyunun ağır keçəcəyini uşaqlara demişdim. Futbolçulara tapşırmışdım ki, çətin olacaq. Komanda mübarizə apardı. Qol vurmaq üçün epizodlarımız da oldu. Bu fəsildə, bu saatda oynamaq çətindir. Qəbələdə boğucu hava olur. Hiss olunurdu ki, kollektiv meydanda tam gücünü qoya bilmir. Ümumillikdə futbolçular yaxşı mübarizə apardılar. Qalib də gələ bilərdik. Amma belə oyunda bir qol hər şeyi həll edir. “Sumqayıt” ikinci hissədə bizim qapımıza bir dəfə real qol epizodu ilə yaxınlaşdı. O da dəqiq zərbə ilə tamamlandı. Gəncədən gələn fanatlarımızı sevindirə bilmədiyimiz, uğurlu seriyanın davamı gəlmədiyi üçün məyusuq. Yeni formalaşan komandayıq. Bizim üçün məğlubiyyətsiz davam etmək çətin məsələdir. Komanda çalışırdı öz oyununu rəqibə diqtə eləsin. Amma bu gün idman xoşbəxtliyi rəqib tərəfdə idi”.